Televiziya və internet
azermmm İyun 4, 2008 17:40
TV öz mənfilikləri ucbatından «suyun dibinə enəcək», İnternetdə isə hər şey çox sadə və aydındır
Qəzetimizdə kifayət qədər geniş açıqlanan mövzulardan biri də televiziyalarla bağlıdır. Bu dəfə isə televiziya və İnternet arasında gedən «soyuq müharibə»yə toxunacağıq. Əvvəl elə idi ki, televiziya istədiyi verilişi istədiyi vaxt verirdi. Seyrçi əlindən gələni edirdi ki, təki bu verilişi qaçırmasın. TV-nin şərtləri diqtə etdiyi dönəm artıq çoxdan geridə qalıb. Texnologiyanın sürətli inkişafı ilə əlaqədar indi kommunikasiya vasitələri dəridən-qabıqdan çıxırlar ki, tamaşaçı onlara diqqət yetirsin. Türkiyə saytlarında bu barədə çoxlu maraqlı məlumatlar və informasiyalar var. Həmin materiallar üzərində TV-İnternet müharibəsinin cücərtilərini görmək mümkündür. Bütün bunlar haqqında isə əsasən dünyanın üç nəhəng mütəxəssisinin fikirləri üzərində danışacağıq. Onlar çoxlarının tanıdıgı Rupert Merdok, Konstantin Ernst və Bill Qeytsdir. Bu fikirlərdə üç fərqli baxış var. Gəlin onlarla tanış olaq.
Konstantin Ernst yeknəsəqlikdən gileylənir
Həqiqətən, ən güclü 5 media sistemlərindən biri olan Rusiya teleizləyiji baxımından ciddi problemlərlə üzləşib. İldən-ilə TV industriyada olan böhran daha da dərinləşir. Xüsusilə, 25-35 yaşlı insanlar, yəni cəmiyyətdə öz yerlərinin möhkəm təməllərini qoymaqda olan insanlar televizora artıq əyləncə və informasiya mənbəyi kimi baxmırlar.
Konstantin Ernst Rusiyanın «1-ci kanal»ının rəhbəridir. Rusiya və onun sərhədlərindən kənarda populyar olan cənab Ernst TV-nin hazırki durumunu «kritik» olaraq dəyərləndirib.
Onun hesablamalarına görə, son iki ildə televiziya 15-25% tamaşaçısını itirib: «Bu, olduqca ciddi problemdir. İnsanlar istədikləri filmə baxmaq üçün onu telekanalın proqramında axtarmırlar. Çünki istənilən vaxt istənilən filmi DVD-də alıb ona baxmaq mümkündür. Axtarılan xəbəri isə internetdən asanlıqla tapmaq olar».
Media industriyanı xilas etmək üçün həyata keçirilməsi planlaşdırılan layihələrdən biri də tok-şou və onlayn kontentin zənginləşdirilməsidir. Bu gün internet vasitəsilə tok-şoular təşkil etmək bir az çətindir. İnteraktiv metodla seçilmiş onlayn verilişlər də bir o qədər diqqət cəlb etmir. Konstantin Ernst bu məsələ haqqında deyir: «Hələ 5 il öncə heç bir TV kompaniya onlayn verilişin hazırlanması üçün bu qədər məbləğ xərcləməzdi. Amma indi vəziyyət 180 dərəcə dəyişib. Düzdür, qərbdən fərqli olaraq düşünmürəm ki, bizim dərdimizə dərman belə verilişlərdir. Fikrimcə, ən böyük problem odur ki, 5 federal kanalın hamısının tematikası bir-birinə çox bənzəyir. Götürün elə İngiltərəni. Orada BBC-nin göstərdiyini İTV nümayiş etdirmir. Bu iki kanalın ümumilikdə Britanyia TV industriyasına verdiyi xeyrin 1/10-ni bizim kanallar birlikdə verə bilmirlər».
Məlum olduğu kimi, Rusiyanın federal kanalları auditoriyanı əllərində saxlamaq üçün efirdə əsasən filmlər və yerli serialların kütləvi nümayişinə üstünlük verirlər. Yerli serialların isə əksəriyyətinin mövzusu kriminalla bağlıdır.
Cənab Ernst telekanallara tövsiyə edib ki, onlar proqram təminatlarına ciddi nəzarət etsinlər: «Analoq siqnallarından rəqəmsal yayıma keçid, hər şeydən əlavə, bir tezlikdə çoxlu sayda telekanalın yayımlanmasına da şərait yaradıb. Bu isə Rusiyada telekanalların çoxalmasına səbəb oldu. Çoxluq olanda isə keyfiyyət xeyli aşağı düşür».
Rupert Merdok passivlikdən gileylənir
Şimalda ölkəmizlə həmsərhəd olan Rusiyadan istənilən halda bizə yaxın olmayan ABŞ-a keçək. Bildiyimiz kimi, burada hər şey yüksək səviyyədədir. Lakin Rupert Merdokun ABŞ-da Qəzetlərin Baş Redaktorlarının Assosiasiyasının iclaslarının birində nədənsə, Konstantin Ernstin dediklərini çox xatırladıb. «News Corporation»un başqanı TV-nin enişinə biganə qalmayıb. Bir neçə qəzetdən əlavə, «20th Century Fox» və 2 telekanala sahib olan R.Merdok sahibkarları onlayn əməliyyatlara pul qoymağa çağırıb. Rupert Merdok artıq bir neçə qəzetini sataraq onları onlayn versiyalarla əvəz etmək niyyətindədir. Onun fikrincə, əgər qəzetlər İnternetdə sistematik şəkildə və bütünlüklə fəaliyyət göstərməzlərsə, onda hətta şəbəkədə belə bu növ informasiya vasitəsinin aqibəti pis olacaq.
Bildiyimiz kimi, cənab Merdok ən populyar həvəskar video portalı olan «MySpace»ni alıb. «MySpace»də akkaunta sahib olmaq az qala hər ABŞ-lı tineycer üçün şərəfli işdir. Hətta okeanın o tayında «MySpace nəsli» deyilən bir məfhum da ortaya çıxıb. Bu nəslə 14-22 yaşlı gənclər daxildir. Onlar vaxtlarının əsas hissələrini İnternetdə keçirir, bir-birləri ilə məktublaşma və ya video ilə əlaqə saxlayırlar. Müəyyən olunur ki, bu yaş arasında olan insanlar ənənəvi qəzet və jurnalları, demək olar ki, oxumurlar. Televiziyaya baxmağa isə vaxtları yoxdur.
Bill Qeyts isə məmnun görünür
«Microsoft»un sahibi Bill Qeyts bu vəziyyəti çoxdandır ki, gözləyirmiş. Dünyanın ən varlı adamı televiziyanın mümkün süqutunda İnterneti deyil, məhz onun özünü ittiham edir: «Tamaşaçı ekran qarşısında oturub gözləməlidir ki, nə vaxt aparıcı ona lazımi informasiyanı səsləndirəcək. Əgər tamaşaçının bir işi çıxarsa, o istədiyi verilişi buraxacaq. Və ona baxmaq imkanını bir daha əldə etməyəcək. TV öz mənfilikləri ucbatından «suyun dibinə enəcək». İnternetdə isə hər şey çox sadə və aydındır. İstənilən informasiya və verilişə istifadəçi arzuldadığı vaxt baxa bilər. Sizi inandırım ki, cəmi 5 il sonra insanlar televiziyanın bugünkü imkanlarını lağa qoyacaqlar».
«Microsoft»un sahibinin sözləri müdrik kəlamlar effektini verir. Görünür, Qeyst TV-nin süqut edəcəyinə bu qədər əmin olmasaydı, heç vaxt belə proqnozlar verməzdi. Bunun artıq ilkin cücərtiləri yetişməkdədir.
Məsələn, deyilənlərə görə, ABŞ-da prezident seçkilərində ilk dəfə olaraq İnternetdə təbliğat kampaniyasına TV-dən daha çox vaxt ayrılacaq. Elə Avropa da bu baxımdan ABŞ-dan geri qalmır. Almaniyanın kansleri Angela Merkelin dövlətin rəsmi saytında xüsusi bloku var. O, burada öz çıxışlarının videogörüntülərini və mətn versiyasını yerləşdirir.
Beləliklə, TV-lərin çökdüyü hiss olunmaqdadır. İlkin olaraq intellektuallar, ardınca da digər təbəqəyə aid olan insanların İnternetdən istifadəsi genişlənir. TV-lər isə getdikcə tamaşaçısız qalır.
İNTİQAM
